Bu  gün mənim yadımda yaxşı qaldı . Çünki mən hələ İsmayıllıda olmamışdım. Oldum, özü də  ”WeBlog” ilə.

Bakıdan səhər saatlarında  yola düşdük. Təxminən 3 saat yarım maraqlı, musiqili, sendviçli yoldan sonra İsmayıllıya çatdıq.  İlk olduğumuz məkan Heyder Əliyev Mərkəzi oldu. Mərkəz çox  maraqlı  idi. Mənim orada ən çox xoşuma gələn gənc rəssamların əl işləri idi. Onların hər biri  fərqli və qeyri-adi şəkillər çəkmişdi. Sonra H.Əliyev parkında və həmin parkda yerləşən “Tarix və Diyarşünastlıq”  muzeyində olduq. Muzeydə İsmayıllının tarixi barədə məlumat verildi, təsadüfi qazıntılar nəticəsində tapılan saxsı qablar, qədim sikkələr, silahlar və s. görmək  maraqlı idi.

This slideshow requires JavaScript.

Daha sonra məkana, harada ki, günümüzün çox vaxtını  keçirdiyimiz  yerə gəldik. Yerin sağ tərəfi  meşə, yam-yaşıl ağaclar və ağacların arasından sərin külək  əsirdi. Sol tərəfdə balaca arx və  bu arxın  üzərində  olan tərpənən, maraqlı  bir körpü var  idi.  Hava da soyuq idi. Hamı avtobusdan düşəndə bu  məkanı, havanı görüb sanki şokda idi. Bir  az təbiəti seyr elədik.

Nəhayət o an gəldi… Açıq hava altında təlim  başladı. Təlim, ekspertlər Əli Hacızadə və Hikmət Hüseynov tərəfindən “İnformasiya müharibəsi dövründə bloqlardan necə istifadə etməli?” mövzusunda keçirildi. Hamı diqqətlə qulaq asırdı. Çox maraqlı keçirdi. Maraqlı olmağı kənardan eşidilən müzakirələrdən hiss olunurdu. Niyə kənardan…….?! Mən o  təlimi  yalnız uzaqdan seyr etdim. Çünki təşkilatçılara  kömək edirdim. Əlimdən gələn köməyi etməyə çalışdım. Hətta naharı hazırlayan Hüseynov  Tələtə də kömək etdim.Təlim qurtardı. Təlimin maraqlı olması iştirakçıların simasından görünürdü.Hamı naharını etdi. Sonra meşədə gəzmədiyim yer qoymadım. Arada at da minməyə vaxt tapdım. Oyunlar oynadıq, müxtəlif  fotolar çəkildi.

Beləcə günün sonuna çatdıq. Artıq İsmayıllıdan ayrılmağın vaxtı gəldi . Çətin də  olsa bunu etməliydik və etdik. Bizim qabaqda da maraqlı anlarımız var idi. Yolda  gələndə kimlərsə bir az yuxuladı, kimlərsə yatdı. Sonra Bakıya çatana kimi “inanırsan-inanmırsan” oynadıq və o ki var güldük :)

Bu fərqli və maraqlı gün üçün İRƏLİ İB-ə, bütün təşkilatçılara və  iştirakçılara çox sağ olun deyirəm.                                   11.09.2011